Rasim Babayevin heykəl-portreti
Tarixi kontekst
Rasim Babayev Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri kimi milli rəngkarlığın inkişafında mühüm rol oynamış sənətkarlardandır. Onun yaradıcılığı müasir Azərbaycan incəsənətinin formalaşmasına əhəmiyyətli təsir göstərmiş, fərdi bədii dili və fəlsəfi yanaşması ilə seçilmişdir. Bu portret əsəri görkəmli rəssamın şəxsiyyətinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan incəsənətinin inkişafına töhfə vermiş yaradıcı ziyalı nəslinin xatirəsini yaşadan sənət nümunəsidir.
Mədəni/Bədii İlham
Kompozisiya büst formasında həll edilmişdir. Obrazın yüngülcə irəli əyilmiş başı, dərin və düşüncəli baxışları, incə işlənmiş üz cizgiləri tamaşaçıda sakitlik, müdriklik və daxili təmkin hissi yaradır. Portretin emosional təsiri xüsusilə üz ifadəsində cəmlənmişdir. Gözlərin ifadəliliyi, dodaqların təbii plastikasının və başın ümumi vəziyyətinin harmoniyası yaradıcı insanın daim axtarışda olan mənəvi dünyasını əks etdirir. Formanın ümumiləşdirilmiş həlli və iri plastik kütlələrin tarazlığı portretə monumental xarakter qazandırır. Detalların təbii, lakin yığcam işlənməsi obrazın psixoloji ifadəliliyini ön plana çıxararaq əsərin emosional təsir gücünü artırır. Portret görkəmli sənətkarın şəxsiyyətinə ehtiramın bədii ifadəsi olmaqla yanaşı, yaradıcı insanın daxili aləmini və mənəvi zənginliyini əks etdirən heykəltəraşlıq nümunəsidir. Əsər realist portret ənənələri ilə müasir plastik düşüncəni birləşdirərək Azərbaycan heykəltəraşlığında psixoloji portret janrının uğurlu nümunələrindən biridir.
Müəllif
Zeynalabdin Əli oğlu İsgəndərov 26 iyul 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1971–1977-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Zeynalabdin İsgəndərov 2011-ci ildə İtaliyanın Roma şəhərində keçirilən Beynəlxalq Heykəltəraşlıq Simpoziumunda iştirak etmiş və mükafata layiq görülmüşdür. Heykəltəraşın Tovuzda, Astarada, İsmayıllıda və Təbrizdə xatirə abidələri ucaldılmışdır. Onun əsərləri Rusiya, Gürcüstan, Almaniya, İtaliya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş etdirilmişdir. 2017-ci ildə NUR Art Houseqalereyasında ailə üzvləri ilə birlikdə “İsgəndərovlar” adlı sərgisi keçirilmişdir. Zeynalabdin İsgəndərov 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmüş, 2015-ci ildə Roma Rəssamlıq Akademiyasının Fəxri professoru adına layiq görülmüş, 2021-ci ildə isə III dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir. Zeynalabdin İsgəndərov 27 oktyabr 2021-ci ildə vəfat etmişdir.