Üzümçü portreti
Tarixi kontekst
Üzümçülük Azərbaycan xalqının qədim təsərrüfat və mədəni ənənələrinin ayrılmaz hissəsidir. Əsər kənd həyatını, torpaqla bağlılığı və zəhmət adamının cəmiyyətin inkişafındakı rolunu bədii şəkildə tərənnüm edir. “Üzümçü portreti”təkcə bir peşə sahibinin obrazı deyil, həm də Azərbaycan kəndlisinin zəhmətini, məhsuldarlığı və torpağa bağlılığı simvolizə edən ümumiləşdirilmiş sənət nümunəsidir.
Mədəni/Bədii İlham
Kompozisiya büst formasında işlənmişdir. Obrazın sakit və təmkinli baxışları, üz cizgilərinin ahəngdar plastikası və təbii ifadəsi onun mənəvi zənginliyini və daxili tarazlığını ön plana çıxarır. Dalğavari saçların arasında görünən üzüm salxımları və baş örtüyünü xatırladan kompozisiya elementi əsərin məzmununu tamamlayaraq üzümçülük sənətinə birbaşa işarə edir. Bu dekorativ detal obrazın peşəsini simvolik şəkildə ifadə etməklə yanaşı, insan və təbiət münasibətlərini də vurğulayır. Heykəltəraş mis materialının plastik imkanlarından məharətlə istifadə etmişdir. Üz cizgilərinin realist həlli ilə saçların dekorativ ritmi arasında yaradılmış tarazlıq kompozisiyanın bədii ifadəliliyini gücləndirir. Əsərin plastik həllində realizm və dekorativ ümumiləşdirmə vəhdət təşkil edir. Müəllif detalları həddindən artıq yükləmədən obrazın xarakterini açmağa nail olmuş, baxışların sakit ifadəsi və formaların yığcamlığı vasitəsilə emosional təsir gücü yüksək olan portret yaratmışdır. Kompozisiya zəhmətkeş insanın ləyaqətini, məhsuldarlığın rəmzi olan üzümün milli-mədəni əhəmiyyətini və insanın torpağa bağlılığını ifadə edir.
Müəllif
Əsgər Şakir oğlu Kərimov 10 fevral 1941-ci ildə Şəki şəhərində anadan olmuşdur. O, 1965-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltəraşlıq fakültəsini, 1975-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsini bitirmişdir. Əsgər Kərimov 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltəraş Bakı, Moskva, Təbriz, Sankt-Peterburq, Daşkənd, Düşənbə, Tbilisi və digər şəhərlərdə keçirilən sərgilərin fəal iştirakçısı olmuşdur.