Xəzri
Tarixi kontekst
Xəzri küləyi Abşeron yarımadasının ən səciyyəvi təbii hadisələrindən biri olmaqla Azərbaycanın coğrafiyası, məişəti və mədəni yaddaşında xüsusi yer tutur. Güclü şimal küləyi əsrlər boyu bölgənin təbiətini, memarlığını və insanların həyat tərzini formalaşdırmış, dözümlülük və təbiətlə harmoniyanın rəmzinə çevrilmişdir. “Xəzri” əsəri bu təbii hadisəni ümumbəşəri məna daşıyan bədii obraza çevirərək insanın təbiətin qüdrəti qarşısındakı iradəsini və onunla ayrılmaz bağlılığını ifadə edir.
Mədəni/Bədii İlham
Kompozisiyada fiqur irəli əyilmiş vəziyyətdə təsvir olunmuşdur. Bədənin kəskin maili hərəkəti, irəli uzanan boyun, gərgin çiyinlər və küləyin təsirini hiss etdirən ümumi plastika güclü hava axınının insan üzərində yaratdığı fiziki təsiri inandırıcı şəkildə əks etdirir. Fiqurun sanki küləyin təzyiqinə qarşı irəliləməsi əsərə dramatik gərginlik bəxş edir. Bu plastik həll insanın təbiətin qüvvələri ilə mübarizəsini və eyni zamanda vəhdətini simvolizə edir. Anatomik formaların ümumiləşdirilmiş həlli və bədənin ritmik plastikasında müəllifin realist yanaşması ilə ekspressiv bədii ifadə üzvi şəkildə birləşir. Kompozisiyanın vertikal quruluşu ilə fiqurun irəli istiqamətlənmiş hərəkəti arasında yaradılan tarazlıq əsərin bədii bütövlüyünü təmin edir. Burada əsas diqqət zahiri detallardan daha çox, hərəkətin ritminə, daxili enerjiyə və küləyin görünməyən qüvvəsinin plastik vasitələrlə hiss etdirilməsinə yönəldilmişdir. Əsər təbiətin qüdrətini, insanın iradəsini və həyatın dinamik ritmini poetik dildə əks etdirən dərin məzmunlu kompozisiyadır.
Müəllif
Mirələsgər Mirəsədulla oğlu Mirqasımov 9 fevral 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1944-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1950-ci ildə isə İ. Y. Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. Müharibədən sonrakı illərdə Mirəli Mirqasımov vətənin müdafiəçilərinə həsr olunmuş bir sıra əsərlər yaratmış, 1960-cı illərin sonlarından etibarən monumental heykəltəraşlıq sahəsində fəaliyyətini genişləndirmişdir. Heykəltəraş Varşava, Bolqarıstan, Almaniya, Kanada və digər ölkələrdə keçirilən ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. Yaradıcılığına görə Əməkdar incəsənət xadimi və Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Mirəli Mirqasımov 2003-cü ildə vəfat etmişdir.