Kişi portreti
Tarixi kontekst
XX əsr Azərbaycan portret heykəltəraşlığında insanın daxili aləmini və fərdi xarakterini ifadə etmək əsas bədii istiqamətlərdən biri olmuşdur. “Kişi portreti” konkret bir şəxsin zahiri görünüşünü əks etdirməklə kifayətlənmir, həm də insan şəxsiyyətinin mənəvi zənginliyini və fərdiliyini ümumiləşdirilmiş bədii obraz vasitəsilə təqdim edir. Əsər Azərbaycan realist heykəltəraşlıq məktəbinin portret janrında əldə etdiyi yüksək sənətkarlığın parlaq nümunələrindən biridir.
Mədəni/Bədii İlham
Portretdə diqqəti ilk növbədə üz cizgilərinin canlı modelləşdirilməsi cəlb edir. Dalğalı və həcmli saç forması və təbəssümlə müşayiət olunan mimika obraza fərdi xarakter qazandırır. Gözlərin yarıyumulu vəziyyətdə işlənməsi və üz əzələlərinin yumşaq plastikasında əks olunan daxili rahatlıq və səmimiyyət heykələ dərin məna bəxş edir. Heykəltəraş formaları ümumiləşdirilmiş plastik həll ilə təqdim etsə də, detalların işlənməsində təbiilik qorunmuşdur. Səthin müxtəlif fakturalarla işlənməsi işıq və kölgə oyununu gücləndirərək kompozisiyanın həcmini daha təsirli göstərir. Boynun incə və uzadılmış şəkildə həlli baş hissəsinin ifadəliliyini artırır, baxışları üzün emosional mərkəzinə yönəldir. Əsər Ömər Eldarovun portret yaradıcılığı üçün xarakterik olan xüsusiyyətləri və fərdi xarakterini plastik vasitələrlə ifadə etmək istəyini aydın şəkildə əks etdirir.
Müəllif
Ömər Həsən oğlu Eldarov 21 dekabr 1927-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olmuşdur. O, 1941–1945-ci illərdə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində, 1945–1951-ci illərdə İ. E. Repin adına Sankt-Peterburq Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Heykəltəraş 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq bədii sərgi və müsabiqələrin iştirakçısı olmuşdur. Ömər Eldarov 1953-cü ildən Rəssamlar İttifaqının üzvüdür. Ömər Eldarovun yaradıcılığı Azərbaycan monumental heykəltəraşlığının inkişafında mühüm yer tutur. Sənətkarın əsərləri respublika və bir sıra xarici dövlətlərin şəhərlərini bəzəyir. Həmçinin onun işlədiyi heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Heykəltəraş Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü birbaşa canlı naturadan hazırlamış, həmçinin onun vəfatından sonra ucaldılmış bir neçə xatirə abidəsinin də müəllifi olmuşdur. O, 1962-ci ildə Əməkdar rəssam, 1989-cu ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüş, "Şərəf Nişanı" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, Rusiya Rəssamlıq Akademiyasının medalı, "İstiqlal" ordeni, "Şöhrət" ordeni, "Heydər Əliyev" mükafatı, "Şərəf" ordeni və "Heydər Əliyev" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ilk rektoru olmuş, bu illər ərzində bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirmişdir. O, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir.