Tələbə portreti
Tarixi kontekst
XX əsr Azərbaycan heykəltəraşlığında gənclik, təhsil və ziyalılıq mövzusu mühüm yer tutmuşdur. “Tələbə portreti”yalnız konkret bir tələbənin fərdi obrazını deyil, həm də elmə, biliyə və mənəvi inkişaf yoluna qədəm qoyan Azərbaycan gəncliyinin ümumiləşdirilmiş bədii simasını ifadə edir. Əsər dövrün humanist ideallarını və gənc nəslin cəmiyyətin gələcəyindəki rolunu əks etdirən portret nümunələrindən biridir.
Mədəni/Bədii İlham
Heykəltəraş fiqurun anatomik quruluşunu realist prinsiplərlə işləməklə yanaşı, formaları ümumiləşdirərək plastik bütövlüyə nail olmuşdur. Saçların ritmik işlənməsi, geyim drapirovkasının yumşaq modelləşdirilməsi və əllərin zərif plastikasında müəllifin yüksək peşəkarlığı aydın hiss olunur. Tunc materialın faktura və işıq-kölgə imkanlarından məharətlə istifadə olunması obrazın emosional təsir gücünü daha da artırır. Obraz zahiri təmtəraqdan uzaq, daxili sakitlik və intellektual yetkinlik hissi ilə seçilir. Portret yalnız konkret bir tələbənin fərdi xüsusiyyətlərini deyil, bütövlükdə Azərbaycan gəncliyini təmsil edən ümumiləşdirilmiş bədii obraz kimi də qəbul olunur.
Müəllif
Ömər Həsən oğlu Eldarov 21 dekabr 1927-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olmuşdur. O, 1941–1945-ci illərdə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində, 1945–1951-ci illərdə İ. E. Repin adına Sankt-Peterburq Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır. Heykəltəraş 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq bədii sərgi və müsabiqələrin iştirakçısı olmuşdur. Ömər Eldarov 1953-cü ildən Rəssamlar İttifaqının üzvüdür. Ömər Eldarovun yaradıcılığı Azərbaycan monumental heykəltəraşlığının inkişafında mühüm yer tutur. Sənətkarın əsərləri respublika və bir sıra xarici dövlətlərin şəhərlərini bəzəyir. Həmçinin onun işlədiyi heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Heykəltəraş Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü birbaşa canlı naturadan hazırlamış, həmçinin onun vəfatından sonra ucaldılmış bir neçə xatirə abidəsinin də müəllifi olmuşdur. O, 1962-ci ildə Əməkdar rəssam, 1989-cu ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüş, "Şərəf Nişanı" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, Rusiya Rəssamlıq Akademiyasının medalı, "İstiqlal" ordeni, "Şöhrət" ordeni, "Heydər Əliyev" mükafatı, "Şərəf" ordeni və "Heydər Əliyev" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ilk rektoru olmuş, bu illər ərzində bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirmişdir. O, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir.